6 yanlış təsəvvür

1. “Bodibildinq əzələləri kütləşdirir”

Bu iddia hələ XX əsrin 50-ci illərindən dərc olunan ədəbiyyatlarda, aparılmış tədqiqatlarda təkzib olunub. Elmi araşdırmalar sübut edir ki, ağırlıq qaldıranların əzələ elastikliyi digərlərinə nisbətən daha çox olur.

2. “Bodibildinq insanı ləng edir, çevikliyini azaldır”

Bu da səhv ifadədir. Demək olar ki, məşğul olduqları idman növündən asılı olmayaraq, bütün peşəkar atletlər öz nəticələrini artırmaq üçün əzələlərini ağır çəkilərlə məşq elətdirirlər. Əgər bu, onların çevikliyini azaltsaydı, onlar sözügedən metoda əl atmazdılar. Bundan əlavə, elm sübut edib ki, güclü əzələ zəif əzələ ilə müqayisədə daha çevik yığılıb-açıla bilər.

3. “Ağır çəkilərlə məşq qadınların bədənini kişi bədəninə oxşar edir”

Növbəti yanlış fikir! Əslində isə, nəzərə almaq lazımdır ki, qadın və kişi fiziologiyasında aydın fərqlər var və qadın özünə məxsus olan əzələləri inkişaf etdirir. Başqa sözlə qadın, əzələlərini məşq etdirməklə, öz bədəninin konturlarını daha cəlbedici formaya salır,nəinki bədənini kişi bədəninə çevirir.

4. “Məşqi dayandıran kimi əzələlər piy ilə əvəz olunacaq”

Bu, bəlkə də ən geniş yayılmış əfsanədir. Əzələ – əzələdir, piy isə – piy.Bu iki məfhum insan bədəninin iki ayrı hissəsidir. Fizioloji baxımdan əzələni piyə çevirmək qeyri-mümkündür. Əgər siz intensiv məşqi buraxırsınızsa, yalnız və yalnız əzələ kütlənizin azalması prosesi baş verir. Piy əmələ gəlməsində isə qidalanmanıza fikir verməməniz səbəb ola bilər.

5. “Bodibildinq oynaqları zədələyir”

Aydın məsələdir ki, bu idman növündə oynaqların üzərinə böyük yük düşür, lakin bu o demək deyil ki, sonda onlar mütləq zədələnməlidir. Zədələnmənin bir nömrəli səbəbi məşqdən əvvəl düzgün isinmə hərəkətlərinin edilməməsi, ən pis halda isə, ümumiyyətlə, isinmədən – birbaşa məşqə başlanılmasıdır. İkinci vacib məqam isə, məşq zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.

6. “Ağır çəkilərlə məşq etmək insanın boyunun artmasının qarşısını alır”

Elmi araşdırmalar sübut edir ki, bütün növ fiziki məşğələlər faktiki olaraq boy artımına səbəb olur.